Ermənistanın Varşavadakı səfirliyi qarşısında “Qarabağ Azərbaycandır!” şüarı ilə etiraz aksiyası keçirilib

04:40 | 12 Noyabr, 2019

Bugün Ermənistanın Polşada yerləşən səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Polşa Azərbaycanlıları Birliyinin təşkilatçılığı ilə baş tutan aksiya zamanı “Qarabağ Azərbaycandır!”, “İşğala son qoy!”, “Azərbaycanlı girovlara azadlıq!” və digər şüarlar səsləndirilib. Təqribən 1 saat davam edən etiraz aksiyası zamanı Azərbaycan, rus, ingilis və polyak dillərində çıxışlar edən aksiya iştirakçıları Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı qaçqın və məcburi köçkünlər, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi barədə danışıb, azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin 6 ildir ki, qeyri-qanuni olaraq, erməni girovluğunda saxlanıldığını bildiriblər.

Əllərində Azərbaycan bayraqları, habelə “Qarabağ Azərbaycandır!” və “Azərbaycanlı girovlara azadlıq!” sözləri yazılmış plakatlar tutan aksiya iştirakçıları sonda Azərbaycanın dövlət himnini səsləndirib və aksiyanın yekun qətnaməsini Ermənistan səfirliyinə təqdim ediblər.

Aksiya iştirakçılarının təhlükəsizliyini Varşava polisinin 10-a yaxın əməkdaşı təmin edib.