Gürcüstanda Nizami Gəncəvi və Şota Rustaveli anılıb

04:19 | 12 Noyabr, 2019

Gürcüstanın Marneuli şəhərində Azərbaycan və Gürcüstan ədəbiyyatının görkəmli mütəfəkkirləri Nizami Gəncəvi və Şota Rustavelinin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinin təşkil etdiyi tədbirdə ictimaiyyət və yerli media nümayəndələri, Mərkəzin müəllim-şagird heyəti iştirak ediblər.
Tədbir öncəsi Nizami Gəncəvi və Şota Rustavelinin Marneuli şəhərində ucaldılmış abidələri ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Tədbirdə İnteqrasiya Mərkəzinin idarə heyətinin sədri Murad Muradov, Gürcüstanda “ilin müəllimi” adına layiq görülmüş Giorgi Caucidze, professor Mahmud Kamaloğlu, Azərbaycan dili və ədəbiyyatı müəllimi Fatma Əliyeva, gürcü dili və ədəbiyyatı müəllimi Leyla Babayeva çıxış ediblər. Natiqlər görkəmli Azərbaycan və gürcü şairləri Nizami Gəncəvi və Şota Rustavelinin həyat və yaradıcılığı barədə ətraflı məlumat veriblər, bu cür tədbirlərin əhəmiyyətindən danışıblar.
Bədii hissədə Mərkəzin tələbələrinin ifasında iki dahi şəxsiyyətin əsərlərindən parçalar gürcü və Azərbaycan dillərində təqdim olunub. Görkəmli bəstəkar və müğənni Müslüm Maqomayevin baş rolda çəkildiyi “Nizami” bədii filmindən fraqmentlər nümayiş olunub, Nizami Gəncəvinin sözlərinə dahi bəstəkar Üzeyir Hacıbəyovun bəstələdiyi “Sənsiz” romansı səsləndirilib.