Dərc edilib: 16:45, 29 İyul, 2017 | 83 dəfə baxılıb

92 yaşlı əfsanə: “Yeganə xalqsınız ki, üzümüzə yalandan gülmürsünüz” – MÜSAHİBƏ

Yaşayarkən bu qədər sevilmək hər kəsə nəsib olmur. Betül Mardin elə insanlardandır ki, tələbəsi olmaq üçün on minlərlə can atan insan var. Bir peşənin Türkiyədəki qurucusundan söhbət gedir. “İctimaiyyətlə əlaqələr” dedikdə ağıla gələn ilk ad odur. Cümhuriyyət qadını imicini illərdir layiqincə təmsil edən biri.

Osmanlı sülaləsinin nümayəndəsi olan Betül xanım bir tərəfdən Misir əsillidir. Hazırda 92 yaşı olan bu qadın 15 il Dünya İctimaiyyətlə Əlaqələr Dərnəyinin (IPRA) sədri olub. Dünyada ictimaiyyətlə əlaqələri yaradıb, inkişaf etdirən 16 nəfərdən 4-ü həyatdadır ki, bunlardan biri də məhz B.Mardindir. Bu sektorda “beynəlxalq ana” status var.

Həyatı ilə tanış olduqca, peşəkarlığı ilə insanı heyran qoyan bu qadınla xaricdə yaşayan bir azərbaycanlı gənc görüşmək şərəfinə nail olub və onunla söhbətləşib. Müsahibimiz Şimali Kiprdə yaşayan və Şimali Kipr-Azərbaycan Dostluq Cəmiyyətinin sədr müavini Fuad Səfərəliyevdir. Fuad bu ayın 17-də Betül xanımın İstanbuldakı evində qonaq olub. Yaxşısı budur, Mardin haqqında fikirlərin davamını məhz onunla söhbətimizdən oxuyun:

– Əvvəlcə özün və Betül Mardinlə tanışlığın haqqında bir az danışardın.

– Mən Şimali Kiprdə Doğu Akdeniz Universitetində İctimaiyyətlə Əlaqələr üzrə təhsil almışam. İlk dərs günü kitabı açanda Betül Mardin adını gördüm. Daha sonra bütün tədris müddəti boyu Mardinin leksiyaları, yazıları və kitablarından bəhrələndik. O, Türkiyədə ictimaiyyətlə əlaqələrin əsasını qoyub. Yəni o ölkədə ictimaiyyətlə əlaqələr deyəndə ağıla gələn ilk ad Betül Mardindir. Sabah hansısa bir firmanın çayını içsə, hamı o çaydan içəcək.

– Onunla görüş sizdə hansı təəssüratı yaratdı?

– Ona Bakıdan 3 hədiyyə aparmışdım. Birincisi bütün qadınların sevdiyi gül buketi, ikincisi Şəki İpək Zavodunun hazırladığı Azərbaycan kələğayısı və üçüncüsü Heydər Əliyev Fondunun hazırladığı Azərbaycan Muğam Kolleksiyasını apardım. Hədiyyələri çox gözəl qarşıladı. Muğam kolleksiyasının ingiliscə versiyası da var idi. İngiliscə gözəl bildiyi üçün bu hədiyyə çox xoşuna gəldi.

– İctimaiyyətlə əlaqələri Türkiyədə necə qurduğu barədə danışdız…

– Söhbət zamanı dedi ki, Türkiyədə bank sektoru təzə-təzə formalaşanda müştərilərlə banklar arasında həmişə bir problem yaranırdı. Müştərilər yaşadığı problem mühafizəçiyə də, əməliyyatçıya da, kassirə də, müdürə də danışırdı. Ortada bir qarışıqlıq yaranırdı. Daha sonra banklarda ictimaiyyətlə əlaqələr şöbəsi yaratdıq və gələn adamları dərdini danışmaq üçün bu şöbəyə yönləndirdik. Daha sonra gördük ki, bu metod yaxşı effekt verir.

– Sizə ilk sualı nə oldu?

– Soruşdu ki, məndən nə istəyirsən? Yaxud bu sahədə işləmək istəyirsənsə, sənə yardımşı ola bilərəm. Cavab verdim ki, bir şey istəyirəm: Sizi Azərbaycanda tanıtmaq.

– Betül xanımın, özü üçün xüsusi bir iş prinsipi varmı?

– Bəli, onun özünün “3S qaydası” var. Birmənalı şəkildə öz işini bu sahələrə qatmır. 3S yəni siyasət, silah və siqaret. Betül xanım bu 3 ünsürlə bağlı heç vaxt ictimaiyyətlə əlaqələr sahəsində iş görməyib və görməyi də düzgün hesab etmir.

– Mardinin Azərbaycanla tanışlığı hansı səviyyədədir?

– Azərbaycanla iş birliyi qurmaq istəsə də, qismət olmayıb. Həm də azərbaycanlılar haqqında deyir, “yeganə xalqsınız ki, bizə güləndə yalandan gülmürsünüz. Səmimiyyətdən, istəkdən gülürsüz, arxa planda heç nə olmur. Siz bel bağlanası xalqsınız”.

– Bu sahəyə gəlişi necə olub bəs?

– Əvvəlcə jurnalist kimi fəaliyyətə başlayıb, daha sonra TRT yarananda oranın ilk qurucularından və işçilərindən olub. Canlı verilişlər hazırlayıb. Daha sonra bir bankda ictimaiyyətlə əlaqələr şöbəsi yaradıb və bu işə başlayıb. Ardınca əlaqələr genişlənib və böyük şirkətlərlə çalışıb. Dövrün prezidenti Tuqut Özalla görüşüb. Türkiyənin özünü beynəlxalq ictimaiyyətdə tanıdıb.

– Fikrinizcə, onun nəzəriyyəsi Azərbaycanda da tədris olunmalıdırmı?

– Sözsüz ki. Türkiyədə bütün universitetlərdə müvafiq fakültədə Betül Mardinin nəzəriyyəsi keçilir. Azərbaycanda da tərcümə olunub, tədris edilə bilər. Hətta bunun üçün mən ilk addımı atmışam. Türkiyə səfirliyinə müraciət etmişəm ki, Bakıda seminarlar təşkil edək və ən azından bu xanımı videoəlaqə vasitəsilə həmin seminarlarda çıxış etməsini təmin edək. Səfirlik və Azərbaycanda yerləşən Türk İşadamları Birliyinin dəstəyi ilə Betül Mardin haqqında bir sənədli film çəkək.

– Ermənilər haqqında düşüncəsi nədir?

– Evində olarkən, ona Alxanlıdakı hadisəni nəql etdim və bildirdim ki, ayın əvvəlində Füzuli rayonunda ermənilər 2 yaşlı körpəni öldürdülər. Ona uşağın şəklini göstərdim. O, həqiqətən üzüldü. Lakin heç vaxt siyasətə qarışmadığı üçün cavabı da qısa və dəqiq oldu: “Çox heyif ki, dünyada hər gün yüzlərlə uşaq ölür”.

– Hazırda 92 yaşı var. Hələ də iş fəaliyyətini davam etdirirmi?

– Bunu soruşanda mənə dedi ki, bu bilikləri özümlə aparan deyiləm. Ona görə çalışır ki, maksimum bilik və təcrübəsini paylaşsın. Türkiyədə böyük şirkətlər tez-tez Betül xanımdan məsləhət alırlar.

– Onun sizə ən dəyərli məsləhəti nə oldu?

– Mənə dedi ki, ictimaiyyətin səni tanımasını istəyirsənsə, hər hansı bir böyük toplantı və ya mətbuat konfransında bunu edə bilərsən. Orda sən 2 sual verməlisən. Diqqətlə bax, nə 1, nə 3. Yalnız 2 sual. Mövzuya diqqətlə qulaq as və elə bir sual ver ki, “bum” effekti yaratsın, hamı dönüb sənin kim olduğuna baxsın. Ardınca ikinci sualı ver və insanlar səni beyinlərinə yerləşdirsin. Daha sonra sus. Üçüncü sualı versən, insanlar səndən bezərlər.

Diaspora.az