Dərc edilib: 20:27, 4 Mart, 2017 | 19 dəfə baxılıb

Varşavadakı Avropa Kollecində Azərbaycana həsr edilmiş tədbir təşkil olunub

Avropa Kollecinin Varşavadakı Natolin kampusunda təhsil alan azərbaycanlı tələbələr Afaq Nadirli, Tural Həsənov və Nərmin Əlizadə Azərbaycanı tanıtmaq və təbliğ etmək, ölkəmizlə bağlı məlumatları xaricdən olan gənclərə düzgün çatdırmaq məqsədilə tədbir keçiriblər.

Azərbaycanın Polşadakı səfirliyindən Diaspora.az-a bildiriblər ki, tədbirdə milli yeməklərimizdən ibarət şam ziyafəti verilib, ölkəmizin milli ornamentlərini əks etdirən hədiyyələr, o cümlədən Azərbaycanın tarixi, qədim və zəngin mədəniyyəti, ölkəmizdə müxtəlif din nümayəndələrinin sülh şəraitində yaşaması barədə geniş məlumatı əks etdirən materiallardan ibarət guşə təşkil olunub.

Sonra Avropa Kollecinin xarici tələbələrdən ibarət xor kollektivi “Evləri var xana-xana” xalq mahnısını, həmyerlilərimiz isə Azərbaycan milli rəqslərindən nümunələr ifa ediblər.

Tədbirin təşkilində Azərbaycanın Polşadakı səfirliyi tərəfindən lazımi kömək göstərilib.

Diaspora.az