Dərc edilib: 01:39, 17 Fevral, 2017 | 15 dəfə baxılıb

Diaspor rəhbəri : “İzmirdəki QHT-lərimiz Qarabağ mövzusunu gündəmdə saxlayırlar”

Cəvahir Əhmədova: “Dərnəyimizin hesabına Xocalı soyqırımı ilə bağlı teatr hazırlayırıq”
Bir çox ölkələrdə olduğu kimi, Türkiyədə fəaliyyət göstərən milli diaspor təşkilatları da Qarabağ həqiqətlərinin təbliğini aparır. Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyi də bu baxımdan aktivlik göstərir. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının üzvü olan Dərnəyin sǝdri Cəvahir Əhmədova əksər çıxış və görüşlərində Qarabağ mövzusuna xüsusi yer ayırır. Qeyd edək ki, Cəvahir Əhmədova 1967-ci ildə Qubadlı rayonunda doğulub. 1990-cı ildə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin Riyaziyyat fakültəsini bitirib. Həmin ildən də Qubadlıda müəllimliyə başlayıb. Qubadlı işğal olan günə kimi orada yaşayıb. Qarabağ hadisələrinin canlı şahididir. O, bütün arzu və ideyalarının məhv olduğunu deyir.
-Qubadlıda nəyiniz qaldı…?
-Mən orada uşaqlığımı, gəncliyimi, bütün xəyallarımı, arzularımı itirdim. Gözümün önündə xoşbəxtlik üstündə tikilən evlərin yandığını, yuvaların külə döndüyünü gördüm. Dərs dediyim şagirdlərimin şəhid olduğunu gördüm. Şagirdlərimi, məktəbimi, müəllim yoldaşlarımı itirdim. Şagirdlərimdən iki bacı əsir qaldı, bu günə kimi onlardan bir xəbər yoxdur. Yağmalanmış elim, viran olmuş yurdum qaldı. Gedə bilmədiyim atam evi, ziyarət edəmədiyim əzizlərimin məzarları qaldı.
-Dərnəyinizin əsas fəaliyyət istiqamətləri nədir?
-Dərnəyimiz 2013-cü ildə dövlət qeydiyyatından keçmiş rəsmi bir qeyri-hökumət təşkilatıdır. Türkiyədə ilk Azərbaycan qadın dərnəyi olaraq fəaliyyət göstəririk. Məqsədimiz xalqımıza məxsus adət-ənənələri burada yaşatmaq, dilimizi qorumaq, mədəniyyətimizi təbliğ etmək, mətbəximizi, tariximizi, ədəbiyyatımızı, Azərbaycana məxsus incəsənətimizi burada yaşayan insanlara tanıtmaq və yaşatmaqdır. Uşaqlarımızın Azərbaycan dilini unutmamaları üçün də çalışırıq.
Bizim dərnəyin fəaliyyəti genişdir. 20 Yanvar, Xocalı soyqırımı günlərində broşürlər çap etdirib küçələrdə 5000 insana paylamışıq. Həmçinin ehsanlar vermişik, “Quran” oxutdurmuşuq. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü, 8 Mart, Novruz bayramlarını qeyd edirik. İlk dəfə olaraq Türkiyədə biz Türkiyə Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Novruz türkün bayramıdır” layihəsini İzmirdə keçirmişik.
Bələdiyyə sədrləri ilə görüşlərə qatılırıq. Azərbaycanımızla əlaqəli məlumatlar veririk.
-Bəzən hiss olunur ki, Türkiyədə səssiz şəkildə erməni lobbisi işləyir. Siz bunu hiss edirsizmi?
-Erməni lobbisinin ən güclü olduğu ölkələrdən biri də Türkiyədir. Biz bunu hər addımımızda hiss edirik. Xüsusən, Qarabağla, Xocalıyla bağlı tədbirlərimizdə daha çox hiss olunur.
-Necə düşünürsüz, bu, Türkiyənin özünə də təhlükə deyilmi?
-Türkiyə bu günlərdə çox ağır günlər yaşayır: həm daxildən, həm də xaricdən hər cür təzyiqə məruz qalıb. Bu qüvvələrin arxasında erməni lobbisi də durur. Qarşıdan aprelin 24-ü gəlir, yenə də qondarma erməni soyqırımı gündəmə gələcək. Xaricdən dəstək alan qüvvələr Türkiyənin parçalanmasına, zəifləməsinə çalışırlar. Erməni diasporu, lobbisi var qüvvələri ilə işləyirlər. Olmamış bir yalandan uydurduqları qondarma soyqırımını ilə zərərçəkmiş kimi özlərinə imic qazanırlar. Bu durumda biz də Türkiyəyə dəstək olmalıyıq. Yaşadığımız Xocalı soyqırımını gündəmdə tutmalıyıq. Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımızın üzərinə ağır və məsuliyyətli yük düşür. Bu günlərdə Türkiyə-Azərbaycan diasporları birlikdə olmalı, bir-biri ilə sıx əlaqə saxlamalıdır.
-Qarşıdan Xocalı soyqırımının ildönümü gəlir. Bununla bağlı hər hansı tədbir planlayırsızmı?
-Hər il Xocalıyla bağlı müxtəlif tədbirlərimiz olur. Gücümüz yetdiyi qədər təşkil etdiyimiz tədbirlərə İzmirdə yaşayan millətləri cəlb eləmək istəyirik. Onlara Qarabağ, Xocalı gerçəklərini anladırıq. Məsələn, ötən il Xocalı qətliamının ildönümü münasibətilə “Xocalı Soyqırımı” adlı konfrans keçirdik. Azərbaycandan gǝlǝn millǝt vǝkili Aqil Abbasın da məruzəçi kimi iştirak etdiyi konfransa, Bayraqlı bələdiyyəsinin sədri Həsən Qarabağ və çox sayda qeyri-hökumǝt tǝşkilatının nümayəndəlǝri qatıldılar. Mən Xocalı qətliamına şahid olaraq baş verənlər haqqında danışdım.
Bu arada İzmirdǝ Bornova bǝlǝdiyyǝsi, Karacaoğlan mǝhǝllǝsindǝ yerlǝşǝn park tamamilǝ yenilǝnǝrǝk “Azǝrbaycan Dostluq Parkı” adıyla vǝtǝndaşların istifadǝsinǝ verilib. İzmir Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Mülazim Pahşanın ideyası ilə Xocalı qǝtliamında hǝyatlarını itirǝnlǝrin xatirǝsinǝ “Xocalı Şǝhidlǝri Abidǝsi” qoyulub. Bu abidənin açılışı Bornova bələdiyyəsi və İzmir Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə oldu.
Bu il də dərnəyimizin hesabına bir tamaşa hazırlayırıq. Xocalıda əsir düşmüş bir qadının ermənilər tərəfindən başına açılan müsibətlər göstəriləcək. Bu qadını səhnədə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmiş Vüsalə Gülməmmədova canlandıracaq. Əsərin rejissoru isə həmin universiteti bitirmiş Roza İbadovadır.
-Bu tamaşanın ideyası kimdən gəldi?
-Bu ideya hamımızın fikri oldu. İnanın, qızlarımız bu əsərə çox əmək sərf edirlər. Çox ağır bir əsərdir. Onların psixoloji durumunu özünüz təsəvvür edin. İnanın, çox gözəl bir tamaşa ilə insanlara Xocalı hadisələrini anladacaqlar.
Onu da deyim ki, qadını canlandıran Vüsalə xanım əslən Qarabağlıdır. Roza xanımın da atası Qarabağ qazisidir.
– Xocalı hadisələri necə xatırlayırsız?
-O gecə, 25-dən 26-na keçən gecə Xocalıda yalnız insanlar qətlə yetirilmədi, canlı-cansız nǝ varsa, hər şey qətlə yetirildi. Ağacından budağına, daşından torpağına, heyvanlarından insanına qədər hər şeyi mǝhv etdilǝr. O gecə Xocalıda insanların nalǝsi, heyvanların səsi, ağacların fəryadı yer üzünü bürüdü. O gecə Xocalıda körpələr qətlə yetirildi, uşaqlar öldürüldü, yaşlıların diri-diri başları kəsildi, dəriləri soyuldu. İnsan hüquqlarını qoruyan cəmiyyətlər, təşkilatlar o gecə kor, kar oldular. O gecə doğulmamış körpələr analarının qarınlarından çıxarıldı. Türk dünyası soyqırımına məruz qaldı.
-Türkiyədəki QHT-lərimiz Qarabağ mövzusunu nə dərəcədə diqqətdə saxlayırlar?
-İzmirdəki QHT-lərimiz Qarabağ mövzusunu bacardıqları qədər gündəmdə saxlayırlar. Hətta, bəzən Qarabağla bağlı hansısa məsələdə həmrəylik də nümayiş etdirirlər. Məsələn, 2014-cü ildə Türkiyədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları öz torpağında ermənilərə əsir düşmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin tez bir zamanda azad edilməsi tələbi ilə çıxış etdilər. Bizimlə birgə 30-dan çox QHT-nin imzaladığı bəyanatda hər iki şəxsin doğma torpaqlarında necə əsir düşdükləri xatırladılır və onlara qarşı qondarma məhkəmə qurulduğu vurğulanırdı.
-Perspektivdə hansı layihələriniz var?
-26 fevralda Azərbaycan TÜRK-ləri və Dost Dərnəklər Federasiyası ilə Qarabağlar bələdiyyəsi tərəfindən “Qarabağda Xocalı abidəsi”nin açılışı olacaq. Bu, Azərbaycan TÜRK- ləri və Dost Dərnəklər Federasiyasının sədri İsa Ambarcının ideyasıdır. Açılışdan sonrada burada olan dərnəklər Bornova bələdiyyəsinin keçən il açdığı Xocalı abidəsini ziyarət edəcək. Axşam da şəhidlərimizin ruhuna dualar oxunacaq, ehsan verəcəyik.
Bizim İzmir şəhərindəki Qarabağlar bələdiyyəsinin sədri Muhittin Selvitopu ilə görüşümüz olub. Görüşdə Azərbaycan mədəniyyətinin Türkiyədə tanıdılması məqsədilə birgə əməkdaşlığın perspektivləri müzakirə etdik. Həmin zaman biz “Qarabağda Qarabağ günləri” adlı layihəni M.Selvitopuna təqdim etmişdik. Bu layihə M.Selvitopun marağına səbəb olub. Artıq layihənin razılığını almışıq. Bu il mayın 8-də, Şuşanın işğal günündə İzmirdə layihəni həyata keçirəcəyik.

Diaspora.az