Dərc edilib: 21:12, 16 May, 2017 | 14 dəfə baxılıb

Əflatun Amaşov: ÜAK heç bir halda Rusiya qanunvericiliyinə zidd fəaliyyət göstərməyib

Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il mayın 16-da keçirilən iclasında Millət vəkili  Ümumrusiya Azərbaycan Konqresinin Rusiyanın Ali Məhkəməsinin qərarı ilə ləğv edilməsi ilə əlaqədar cıxış edib.Diaspora.az  bu çıxışı sizlərə təqdim edir.

“Ümumrusiya Azərbaycanlıları Konqresi ətrafındakı duruma diqqət yetirmək istərdim. Rusiya kimi bir dövlətin, özü də Azərbaycanı strateji tərəfdaş hesab edən bir dövlətin bu addımı mənim üçün gözlənilməzdir, bu hər bir azərbaycanlıda təəssüf və hiddət doğurur. Konqres dünya azərbaycanlılarının diaspor təşkilatları sırasında xüsusi yer tutur.

Qurum müasir dövrdə Rusiya və Azərbaycan xalqları arasındakı mehriban qonşuluq münasibətlərinin qurulması və inkişafında həlledici rol oynayıb. Bu xidmət yalnız Azərbaycanda deyil, Rusiyanın özündə də hər zaman yüksək qiymətləndirilib.

Lakin Rusiya hakimiyyətində olan bəzi anti-azərbaycançı və ermənipərəst qüvvələr ciddi cəhdlə təşkilatın hüquqi baxımdan ləğvin həyata keçirdilər. Təəssüf ki, Rusiyanın Ali Məhkəməsi ölkənin Ədliyyə Nazirliyinin müraciətini müsbət qiymətləndirdi.

Əlbəttə, əgər ÜAK-ın dövlət qeydiyyatı ləğv olunursa və qurum fəaliyyətini dayandırırsa, bu, ilk növbədə tarixən formalaşmış və xoş ənənələrə malik Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsirdir. Çünki bu gün azərbaycanlılar Rusiyanın ictimai-siyasi, mədəni və iqtisadi həyatında, ən müxtəlif sahələrdə aktiv fəaliyyət göstərirlər. Onlar seçkilərdə iştirak edib ölkənin müqəddəratını müəyyənləşdirir, vergi ödəyicisi kimi üzərilərinə düşən vəzifələri yerinə yetirirlər. Bütün bu fəaliyyətdə ÜAK mühüm rol oynayıb. Belə bir təşkilatın dövlət qeydiyyatının ləğvi şübhəsiz ki, azərbaycanlılarda xoşagəlməz ovqat formalaşdıracaq, ciddi narahatlıq doğuracaqdır.

Üstəlik Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçidir. ÜAK-ın fəaliyyətinin dayandırılması kimi nalayiq kampaniya isə dediyim kimi, ermənipərəst qüvvələrin işidir. Buna görə də Rusiya ictimaiyyətinin aktiv kəsiminə – rusiyalı deputat həmkarlarımıza müraciət etməliyik. Onları təşkilatın ləğvinə reaksiya verməyə, əsl həqiqəti bəyan və müdafiə etməyə, qurumun fəaliyyətinin bərpasına çağırmalıyıq.

Həqiqət isə bundan ibarətdir ki, ÜAK heç bir halda Rusiya qanunvericiliyinə zidd fəaliyyət göstərməyib, göstərə bilməz. Qurum üzərinə düşən öhdəlikləri azsaylı xalqlara məxsus digər təşkilatlardan daha intizamlı şəkildə yerinə yetirib.

Bir daha deyirəm, bütün bunların Azərbaycan parlamenti adından Rusiya Dövlət Dumasının deputatlarına müraciət formasında bildirilməsinə ehtiyac var. Xahiş edirəm ki, bu təklifimi dəstəkləyəsiniz.

Onu da bildirim ki, Azərbaycan Mətbuat Şurası ölkə jurnalistləri adından Rusiya jurnalistlərinə müracıət ünvanlayıb. Biz bu məsələnin işiqlandırılmasında rusiyalı həmkarlarımızı obyektivliyə, peşəkarlıq prinsiplərinə sadiq qalmağa çagırmışıq”.

Diaspora.az
Nail Əhməd